06/06/2019 23:08

Bakıda Çexiyanın Silahlı Qüvvələr Günü qeyd olunub

Bu gün Bakıda Çexiya Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə qəbul təşkil olunub.

“AzeriDefence”nin məlumatına görə, qəbulda Azərbaycan Ordusunun və hərbi qurumların nümayəndələri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri iştirak ediblər.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert bldirib ki, 30 iyun 1918-ci il tarixində Fransanın Darney şəhərində and içmək üçün toplanmış və döyüş bayrağı qazanmış Çex və Slovak legionerlərinin bu tarixi Çexiya ordusunun yaranması günüdür: “Əslində, müstəqil Çexoslovak legionlarında və həmçinin Birinci Dünya Müharibəsi dövründə müxtəlif müttəfiq birliklər arasında döyüşən yüz mindən artıq çex və slovaklar olmuşdur. Cəsarət və səmimi vətənpərvərlik nümayiş etdirərək onlar etibar ve hörmət qazanmağa müvəffəq olmuş və bu səbəbdən də Çexoslovak ordusu Çexoslovakiya Respublikası formalaşmasından qabaq güclü bir döyüş qüvvəsi kimi tanınırdı”.

Səfir bildirib ki, 20 il əvvəl NATO-ya üzv olan Çexiya hazırda beynəlxalq sülhməramlı əməliyyatlarda aktiv rol oynayır, dünyada azadlıq və ədaləti dəstəkləməyə çalışır.

Daha sonra çıxış edən Çexiyanın Azırbaycandakı hərbi attaşesi, polkovnik-leytenant Jan Havlicek qeyd edib ki, Çexiya Prezidenti Vatslav Havelinin sərəncamı ilə 2002-ci ildən 30 iyun tarixi Çexiya Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd edilir.

“Çexoslovakiyanın və daha sonra Çexiyanın silahlı qüvvələri öz mükəmməl bacarıqlarını və şəxsi keyfiyyətlərini 101 il boyunca nümayiş etdirib və davam etdirməkdədir”, – deyə hərbi attaşe vurğulayıb.

Polkovnik-leytenant Jan Havlicek bildirib ki, Azərbaycanda xidmət etmək imkanını yüksək dəyərləndirir və iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhvəsini verməkdən qürur duyur.