15/03/2017 18:11

Bakıda “Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə konfrans keçirilib

Bu gün Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan, Rusiya, Qazaxıstan və İranın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku – 2017” beynəlxalq yarışının ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğu vurğulanıb, hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Bildirilib ki, “Dəniz Kuboku -2017” artilleriya atışı, gəminin davamlılığı uğrunda mübarizə, dəniz və xilasetmə hazırlığı üzrə yarışlardan ibarət olmaqla üç mərhələdə keçiriləcəkdir.

“Dəniz Kuboku -2017”də iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək “ArMİ-2017” hərbi oyunları çərçivəsində 28 beynəlxalq konkurs, o cümlədən 5 yeni yarış keçiriləcək.

Konkurslar 5 ölkə ərazisində – Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çində baş tutacaq.

Çində 6, Qazaxıstanda 3, Belarusda 1 hərbi yarışlar reallaşcaq.

Azərbaycan isə bu oyunlar çərçivəsində ilk dəfə olaraq Xəzərdəki milli ərazi sularında “Dəniz kuboku – 2017” yarışlarına ev sahibliyi edəcək. Açılış mərasimi Azərbaycan HDQ-nın Puta qəsəbəsində yerləşən bazasında reallaşacaq.

Yarışların keçirilməsi dənizçilər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, dostluq münasibətlərinin genişlənməsi, döyüş hazırlığı və hərbi dənizçilik sahəsində təcrübənin artması məqsədi daşıyır.

Azərbaycan tərəfindən “Dəniz kuboku-2017” yarışlarının keçirilməsi üzrə işçi qrupun rəhbəri Azərbaycanı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovdur.

Xatırladaq ki, indiyə qədər bütün yarışlar Rusiyanın Xəzərdəki ərazi sularında keçirilib.