31/07/2018 20:07

Bakıda “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının açılış mərasimi keçirilib

İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, ABŞ, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn Krallığı, Bolqarıstan və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətləri iştirak ediblər.

“Dəniz Kuboku-2018” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Yarışın baş hakimi 1-ci dərəcəli kapitan Həbib Xəlilovdur. Müsabiqə iştirakçıları – Rusiya Xəzər flotiliyasının, İran, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrın müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb. IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra IV Beynəlxalq Ordu Oyunlarının və “Dəniz Kuboku-2018” müsabiqəsinin bayraqları dalğalandırılıb.

Mərasimdə çıxış edən “Dəniz Kuboku – 2018” müsabiqəsinin təşkilat komitəsinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov tədbirin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara müdafiə nazirinin təbrikini çatdırıb və “Dəniz Kuboku – 2018” müsabiqəsini açıq elan edib.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2018” çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində, ümumilikdə, 28 müsabiqə təşkil olunacaq. Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar. Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

“Dəniz kuboku – 2018” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.