05/08/2019 19:43

Bakıda “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının açılış mərasimi keçirilib – FOTO

Avqustun 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) “Beynəlxalq Ordu Oyunları – 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının açılış mərasimi keçirilib.

“AzeriDefence”nin məlumatına görə, açılış mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, veteranlar, hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Dəniz Kuboku-2019” müsabiqəsinin hakimlər briqadası və komandalar mərasimə dəvət olunub. Müsabiqə iştirakçıları – Rusiya Xəzər flotiliyasının, İranın, Qazaxıstanın və Azərbaycanın Hərbi Dəniz qüvvələrinin komandaları dövlət bayraqları altında və hərbi orkestrin müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.

Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları mərasimə gətirilib. Sonra Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku-2019” müsabiqəsinin bayraqları dalğalandırılıb.

Mərasimdə çıxış edən Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev mərasim iştirakçılarını və qonaqları salamlayıb, onlara müdafiə nazirinin təbrikini çatdırıb. Kərim Vəliyev bildirib ki, artıq ikinci ildir Xəzər dənizinin Azərbaycana aid hissəsində “Dəniz kuboku” müsabiqəsi keçirilir.

K. Vəliyev qeyd edib ki, Beynəlxalq Ordu Oyunlarının yarış növlərinin, komandaların sayının hər il artması və keçirilmə coğrafiyasının genişlənməsi bu oyunların əhəmiyyətinin bariz nümunəsidir. K. Vəliyev bildirib ki, yarışlar döyüş hazırlığı baxımından da böyük əhəmiyyət daşıyır: “Birgə keçirilən bu oyunlar hərbi təlimlərdən heç də geri qalmır, hətta onları üstələyir. Yarış zamanı iştirakçıların üzərinə böyük məsuliyyət düşür. Hər mərhələdə hər bir iştirakçının peşəkarlığı və praktiki qərar verməsi tələb olunur”.

Daha sonra, general-leytenant Kərim Vəliyev “Dəniz kuboku” beynəlxalq müsabiqəsini açıq elan edib.

Qeyd edək ki,  “Dəniz kuboku-2019”da hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

“Dəniz kuboku – 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.