01/10/2019 18:42

Bakıda İran İslam Respublikasının Müqəddəs Müdafiə Həftəsi qeyd olunub

Bakıda İran İslam Respublikasının Müqəddəs Müdafiə Həftəsi münasibəti ilə tədbir keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə İranın Azərbaycandakı səfirliyinin əməkdaşları, Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəsmiləri, xarici diplomatlar, hərbi attaşelər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İran və İraq arasında baş vermiş 8 illik müharibənin acı nəticələrindən danışıb. Səfir İranın islam torpaqlarının hər hansı bir hissəsninin işğalını pislədiyini, ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını, ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinə dəstək verdiyini vurğulayıb.

İranın Azərbaycandakı hərbi attaşesi polkovnik Əli Seyfi isə çıxışında Müqəddəs Müdafiə Həftəsinin otuz doqquzuncu ildönümünün qeyd edildiyini xatırladıb.

“Ötən dövrdə İrana qarşı tətbiq olunan sanksiya və təhdidlər, əsassız və təkəbbürlü tələblər və maksimum təzyiq siyasəti uğurlu olmadı və olmayacaq”, – deyən hərbi attaşe bəyan edib.

Tədbirdə İran-İraq müharibəsini əks etdirən fotolardan ibarət sərgi də nümayiş etdirilib.