17/05/2018 11:17

Bakıda keçirilən Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi işini davam etdirir

Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının təşkilatçılığı ilə 15-18 may tarixlərində Bakı şəhərində keçirilən Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi işini uğurla davam etdirir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, 21 ölkədən 156 nümayəndənin iştirak etdiyi konqres çərçivəsində dünya səviyyəsində tanınmış cərrahların hərbi cərrahiyyə sahəsində yeni innovativ yanaşmalar haqqında çıxışları dinlənilib, qabaqçıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Cəmiyyətin işində Azərbaycanın sərhədçi cərrahlarının fəal iştirakı nəticəsində 2013-cü ildə 22-ci simpozium Bakı şəhərində təşkil edilib. 2015-ci ildə Tailandda keçirilmiş görüşdə DSX hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər üzrə prezidenti seçilibdir.