30/10/2019 11:29

Bakıda MDB üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 77-ci iclası işə başlayıb

Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 77-ci iclası işə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, tədbirin açılışında çıxış edən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki,  iclas ölkələr arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək: “Ümid edirəm ki, iclas əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəkdir. Fürsətdən istifadə edərək bu iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirmək istərdim”.

Daha sonra iclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyət ilə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçiriblər.

İclasda “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunub. MDB ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planına baxılıb.

Tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edir.