07/09/2013 16:52

Bakıda Pakistan müdafiiə sənayesinin məhsulları təqdim olunub

Bu gün Pakistanın Azərbaycandakı səfirliyi ölkənin Müdafiə Günü münasibəti ilə rəsmi qəbul və Pakistan müdafiə sənayesinin məhsullarından ibarət sərgi təşkil edib.
“AzeriDefence”nin məlumatına görə, Pakistanın Azərbaycandakı səfiri İkramullah Masud çıxışında 6 sentyabrın ölkəsinin tarixindəki yerindən danışıb. Səfir qeyd edib ki, son 11 ildə Pakistan terrozimdən ən cox əziyyət çəkən ölkəyə çevrilib. Nəticədə 50 min pakistanlı həyatını itirib. Pakistanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini deyən səfir bildirib ki, Pakistan və Azərbaycanın Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birinə dəstək verməsi qarşılıqlı münasibətlərin göstəricisidir.

Qəbula qatılan Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Altay Mehdiyev, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli rəsmiləri, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları, Azərbaycandakı xarici hərbi attaşelər sərgi ilə də tanış olublar. Təqdimatda Global Industrial Defence Solutions (GİDS) şirkətinin icraçı direktoru Zübeyir İqbal Malik də iştirak edib.

Sərgidə iştirakçılara Pakistanın GİDS firmasının istehsal etdiyi bir sıra məhsullar nümayiş olunub. Nümayiş etdirilən məhsullar arasında kimyəvi və nüvə hücumundan müdafiə (NBC) vasitəsi, bədən zirehi, təhlükəsizlik qurumları üçün müxtəlif sistemlər, mina detektor, idarə olunan bombaların və pilotsuz uçuş aparatlarının maketləri, inteqrə olunmuş döyüş idarəetmə sistemi, AB-100 və AB-105 tipli havada partlayan bombalar, “Anza MK-II” daşınan zenit-raket kompleksi, Avtomatik Atəş Nəzarət Sistemi, “Baktar Shikan” tank əleyhinə idarə olunan raket kompleksi, dəbilqə və s. yer alıb.

Sərgidə həmçinin Pakistan aviasiya sənayesinin istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsi barədə də məlumatlar verilib.