14/03/2019 17:22

Bakıda PUA uçuşlarının idarə olunması və nəzarət mərkəzi yaradılacaq

Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçan aparatların uçuşlarının idarə olunması və nəzarət mərkəzi yaradılacaq.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Məlumatda bildirilir ki, Madrid şəhərində keçirilən “World ATM Congress 2019” çərçivəsində “Azəraeronaviqasiya” HHİ (AZANS) EHANG və “Abraham Technologies” LTD şirkətləri ilə birgə Yeni nəsil pilotsuz aparatların uçuşlarının idarə olunması və nəzarət sisteminin unikal layihəsini təqdim edib.

Sistem mövcud avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sisteminə tam inteqrasiya olunacaq.

“Azərbaycan Hava Yolları”nın tərkibinə daxil olan AZANS HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.