26/06/2017 21:41

Bakıda top mərmisi, Gəncədə isə minaatan mərmisi aşkar edildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Bakı və Gəncə şəhərlərində partlamamış hərbi sursat (PHS) aşkar olunub.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Gülçülük savxozu adlan ərazidə PHS aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib, 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş top mərmisinin ətrafında 600 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə daxil olan daha bir məlumatda Gəncə şəhəri, Nizami rayonu, “Azərittifaq”ın yaxınlığında PHS aşkar olunması bildirilib.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən həmin əraziyə baxış keçirilib, 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minaatan mərmisinin ətrafında 100 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.