29/08/2015 12:00

Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub

Türkiyənin Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə avqustun 28-də bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

“AzeriDefence”nin məlumatına görə, mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, türk ordusu Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da zəfər qazanıb.

O qeyd edib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir və bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti qurulub.

Mərasimdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla yanaşı, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.