13/10/2017 22:24

Bakıda zibillikdən 266 ədəd partlamamış hərbi sursat aşkar edilib

Oktyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində mərmi olması barədə məlumat daxil olub.

“AzeriDefence” ANAMA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu sözügüdən əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin qəsəbədə şərq yaşayış sahəsi 16-cı döngədəki zibillik sahəsinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 266 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 265 ədəd 7.62 mm-lik patron) aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 30 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.