15/09/2019 15:21

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə və Azərbaycanın dövlət bayraqları, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Nuru paşanın portretləri ilə bəzədilmiş avtomobil karvanı “N” nömrəli hərbi hissədən Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yola düşüb.

Acıdərə Türk Şəhidliyi ziyarət olunub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.

Mərasimdə qeyd olunub ki, 101 il öncə Azərbaycan və türk əsgərləri Bakını azad edərək Azərbaycan tarixinə şanlı bir səhifə yazıblar. Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına birdəfəlik son qoyulub. Özünün son dərəcə ağır durumda olmasına, Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərib.

1918-ci il avqust-sentyabr aylarında Osmanlı Türkiyəsi öz tarixi missiyasını uğurla yerinə yetirərək Azərbaycan korpusunun döyüşçüləri ilə birlikdə Bakı və ətraf rayonları azad ediblər. Məhz bu zəfər yürüşü iki gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsinə zəmin yaradıb.

Yürüş və anım mərasimində Türkiyədən gəlmiş qazilər, Türkiyə Silahlı Qüvvələrinin general və zabitləri, Azərbaycan Ordusunun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.