17/09/2018 17:43

Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

“İnnovativ Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil Nazirliklərinin dəstəyi ilə Hərbi Dəniz Qüvvələrində 15 sentyabr – Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Müdafiə və Təhsil Nazirliklərinin, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin nümayəndələri, şəhid, hərbçi və aztəminatlı ailələrin övladları, istedadlı şagirdlər və valideynlər iştirak edib.

Ümummilli lider Heydər Əliyevin və Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Bakının azad edilməsinin Azərbaycanın müstəqil dövlətçiliyinin tarixindəki əhəmiyyətindən danışıblar.

Çıxış edənlər Bakının azad olunması üçün keçirlən hərbi əməliyyatlarda yüzlərlə türk əsgərinin şəhid olduğunu, müxtəlif rayonlarda türk şəhidlərinin məzarlarının indi də ehtiramlarla əhatələndiyini, Bakıdakı Şəhidlər Xiyabanında da türk əsgərlərinin xatirəsinə abidə kompleksinin ucaldıldığını bildirdilər.