19/08/2016 15:28

Bakının mərkəzində tarixi hərbi hissənin qalıqları və qayaüstü yazılar – FOTO

Bakı şəhərinin cənub qapısı sayılan Bibiheybət qəsəbəsi yaxınlığındakı dağ özündə demək olar ki 100 illik bir hərb tarixini yaşadır. Paytaxtın müdafiəsi üçün strateji bir nöqtə olan bu dağı çoxlarımız ətəyindəki qəbristanlığa və üzərindəki mayaka görə tanıyır. Əslində isə belə deyil.

Şıx dağının zirvəsi düz platformadır. Buradan adi gözlə cənubda Bakı Dərin Özüllər zavoduna qədər ərazini, dəniz istiqamətində isə Böyük Zirə (Nargin) adasından da 10 kilometr uzaqlıqda bir məsafəni əhatə etməklə Bakı Buxtasını tam nəzarətdə saxlamaq və müşahidə eləmək mümkündür.

Hələ qədim dövrdən buradan Bakının müdafiəsi məqsədi ilə istifadə edilib. Bakıya cənub istiqamətindən giriş-çıxışı uzun illər məhz dağın zirvəsini dolanan torpaq yolla olub.

1920-ci ildən sonra bu ərazidə Sovet Ordusunun hərbi hissəsi yerləşib. Ikinci dünya müharibəsi zamanı isə yüksəklikdə Bakı şəhərinin və Bayıl neft mədənlərinin cənub istiqamətindən hava hücumundan müdafiəsini təşkil edən hava hücumundan müdafiə bölmələri xidmət aparıb. Yüksəklikdəki hərbi hissə ötən əsrin 60-70-ci illərinə qədər mövcud olub.

Ehtiyatda olan polkovnik Xətai Baxışov bizi tarixi hərbi hissənin qalıqları ilə tanış edir. Yüksəklikdə hərbi hissəyə məxsus tikililərin qalıqları hələ də rast gəlmək mümkündür. Bunların arasında üstü betonlu sığınacaqlar və digər dağıdılmış binaların qalıqları durur.

Çılpaq qayaların üzərində oyulmuş soyadlar, şəhər adları…. Ərazidə yüzlərlə belə qayaüstü yazılara rast gəlinir. Zirvədəki qayaüstü yazıları lentə alarkən burada 1930-cu illərdə qayanın üstünə cızılmış tarixlərə, soyadlara rast gəldik.

Bəlkə də bu gün qayalara adları cızılmış sovet vətəndaşlarıın çoxusu həyatda yoxdur. Amma bizim üçün Bakının mərkəzində tədqiq ediləsi və öyrəniləsi bir tarix var….