26/09/2014 08:53

Balakən aviasiya mərkəzi yenidən qurulur

Mərkəzdə hərbçilərə paraşüt-desant hazırlığı həyata keçiriləcək“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Balakən rayon 1 nömrəli filialında həvəskar paraşütçülər, çağırışçılar və turistlər üçün tikilmiş 36 nəfərlik, 6 otaqdan ibarət tam təchizatlı qonaq evi istifadəyə verilib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mərasimdə çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev qeyd edib ki, Azərbaycan prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yarandıqdan sonra ötən dövr ərzində filialın fəaliyyəti bərpa olunub. Qurumun balansında olan 2 ədəd AN-2 təyyarəsində təmir-bərpa işləri aparılıb, yeni müxtəlif tip paraşütlər alınıb, 3 gözlü anqarın qapıları yenisi ilə əvəz edilib və bu müddətdə 211 nəfər həvəskar paraşütçü hazırlanıb.

Daha sonra Şahvələd Əliyev bildirib ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Balakən rayon 1 nömrəli filialı həvəskar paraşütçülərin yetişdirildiyi yeganə aviasiya mərkəzidir. Filial Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”na daxil edilib. Bununla da həvəskar paraşütçülərin hazırlığı ilə yanaşı, burada Azərbaycan Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi əsasında paraşüt-desant hazırlığı həyata keçiriləcək.

Tədbirdə qeyd olunub ki, filialda yaradılmış şərait gələcəkdə daha təcrübəli paraşütçülərin yetişdirilməsində əvəzsiz rol oynayacaq, müxtəlif beynəlxalq yarışların təşkilinə və beynəlxalq əlaqələrin qurulmasına təkan verəcək.

Mərasimdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və digər qonaqlar iştirak ediblər.