06/11/2017 17:44

“Bars-8MMK” mobil minaatanın atış sınaqları keçirilib

“Ukroboronservis” SC “Bars-8MMK” mobil minaatan kompleksinin atış testlərini keçirib.

Bu barədə “AzeriDefence”yə “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.

Kiyev şəhəri yaxınlığındakı hərbi poliqonda keçirilən atışlar zamanı 120 mm-lik minaatanla təchiz edilmiş və rəqəmsal informasiya mübadilə sisteminə inteqrasiya olunmuş “Bars-8MMK” 60 saniyə ərzində döyüşə hazır vəziyyətə gətirilib və hədəf koordinatllarının emalı həyata keçirilərək ilk atəş açılıb.

“Bars-8MMK” minaatan kompleksi və döyüş sursatları maşının yük bölməsinə yerləşdirilib. Maşının sağ və sol hissədə olmaqla iki atış nəzarət kompüteri mövcuddur. Minaatanın maşından endirilməsi, hədəfə istiqamətləndirilməsi avtomatik şəkildə hesablanaraq həyata keçirilir. Kompleksin döyüş ehtiyatı maşına hər iki tərəfdən yığılan və boşaldıla bilən 60 minadan (30+30) ibarətdir. Kompleks hədəfləri aşkarlamaq, avtomatlaşdırılmış rejimdə məlumatların qəbulu, ötürülməsi və emalına imkan verən, özündə lazer məsafəölçən, kommunikasiya modulu, GPS qəbuledici və proqram təminatını birləşdirmiş müasir müşahidə sistemi həllinə sahibdir.

“Bars-8MMK” sistemi C4, GIS, COM və digər ən yüksək səviyyədə qoşunların informasiya idarəetmə sistemi ilə birləşdirilə bilər.