15/10/2017 22:38

Baş direktor: ASELSAN S-400 zenit-raket kompleksinin proqram təminatının milliləşdirilməsində yer ala bilər

ASELSAN şirkəti gələcəkdə S-400 zenit-raket kompleksinin proqram təminatının milliləşdirilməsində yer ala bilər.

Bu barədə “AzeriDefence”yə açıqlamasında ASELSAN şirkətinin baş direktoru Faiq Eken bildirib.

“Bildiyim qədər hazırda Rusiyadan sürətli bir tədarük istənilir. Təbii ki orta və uzun perspektivdə ASELSAN olaraq biz də bu layihəyə qatıla bilərik. Biz zatən ZRK-ni kontrol edən atış nəzarət radarı yaradırıq, uzun mənzilli radiolokasiya stansiyası yaradırıq, hava hücumundan müdafiəyə uyğun komanda-kontrol sistemimiz var. Rabitə sistemlərimiz buna uyğundur”, – deyə şirkət rəhbəri vurğulayıb.

Faiq Ekenin sözlərinə görə, ASELSAN proqramlaşdırmada və sistem inteqrasiyasında böyük təcrübəyə malikdir.

S-400 ZRK-lərin hazır alınması proqramı ilə bərabər ASELSAN və ROKETSAN-ın “Hisar-A” və “Hisar-O” milli ZRK layihəsini davam etdirəcəyini bildirən F. Eken orta perspektivdə milli imkanlar hesabına uzun mənzilli ZRK-in yaradılmasına başlanacağına ümidvar olduğunu deyib: “Biz “Hisar” raketlərinin arayıcı başlığını hazırlayırıq. Gələcəkdə üzərinə radar arayıcı başlığını əlavə etməklə daha uzun mənzilli raketi hazırlamağı düşünürük”.