10/12/2014 09:45

Baş nazir Hərbi Hava Qüvvələrində olub

Azərbaycanın baş naziri Artur Rasizadə Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yeni tikilən və tam təmir olunan qərargah və döyüş növbəsinin aparılması binalarına, start-komanda məntəqəsinə, əsgər yataqxanasına, uçuş-texniki heyət və əsgərlər üçün nəzərdə tutulan yeməkxanalara, hamam-camaşırxana, qazanxana kompleksinə, nəzarət buraxılış məntəqəsinə və sıra meydanına baş çəkilib və orada yaradılan şəraitlə tanış olunub.

Müdafiə naziri Zakir Həsənov dövlət başçısının ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar Silahlı Qüvvələrin döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri vurğulayıb.

Uçuş-texniki heyəti ilə görüşən baş nazir A.Rasizadə aviabazanın ərazisində aparılan işlərdən məmnun qaldığını, bundan sonra da bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini bildirib və şəxsi heyətin sosial-məişət şəraitinin həlli üçün müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb.