09/09/2019 11:42

Baş nazirin müavini: Əsgərlərimizlə qürur duydum

Əli Əhmədov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə sübhə doğurmasın

“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə sübhə doğurmasın. Münaqişəni həll etmək üçün danışıqlar prosesində iştirak etməyimiz, danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir. Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək”.

“AzeriDefence”nin məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov ötən gün cəbhəyanı zonada yerləşən hərbi hissəyə səfəri ilə bağlı təəssüratlarını sosial media hesabında bölüşərkən qeyd edib.

“Dünən hərbi hissəyə getdim. Əsgərlərimizlə görüşdüm. Onlarla bir yerdə yemək yedik. Bir daha Ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum. Onlar əsl igidlərdir. Məlum aprel döyüşlərini yaradan igidlər. Azərbaycan fəxr edə bilər ki, belə ordumuz, belə qəhrəman əsgərlərimiz var. Bu cəngavərlərin qarşısında heç kim duruş gətirə bilməz”, – deyə Ə. Əhmədov bildirib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Ordusunun gücünü ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik, gücsüzlük kompleksini ört-basdır etməyə çalışırlar: “Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri Ordumuzla fəxr edib qürur duymaq əvəzinə Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər. Onlara nə ad verək, əziz dostlar, bəlkə siz deyəsiniz”.