26/09/2017 13:47

Baş nazirin müavini: Xızıda partlayan anbardan sursatlar 20 km radiusda dağılıb

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayış nəticəsində vətəndaşlara dəyən ziyan hesablanıb.

“AzeriDefence” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib.

“Gələn həftə dağılan evlərin bərpasına başlanılacaq və iki ay ərzində işlərin yekunlaşdırılması planlaşdırılır. 5 ev sökülüb, yenidən tikilməli, digər evlər təmir olunacaq”, – deyə baş nazirin müavini vurğulayıb.

Partlayışın səbəbi haqqında məlumatının olmadığını deyən A.Şərifov bildirib ki, bunula bağlı Hərbi Prokurorluq açıqlama verməlidir. A.Şərifov qeyd edib ki, hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyası işini yekunlaşdırmayıb, hadisənin baş vermə səbəbi araşdırılır.

“O ki qaldı ərazinin sursatlardan təmizlənmə əməliyyatlarına cari ilin sonuna qədər qurtarsa böyük məsələdir. Çünki sursatlar 20 km-ə qədər radiusda ətraf ərazilərə dağılıb. İlk növbədə əhalinin həyətləri, əkin sahələri təmizlənib. Hazırda dağ və meşəlikdə olan sursatlar təmizlənir. Bilavasitə yanan anbarın özündə çox sayda sursat var”-, deyə baş nazirin müavini vurğulayıb.