31/07/2014 11:33

Baş Qərargah rəisi Hərbi Akademiyanın məzunları ilə görüşüb

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Hərbi Akademiyasının 2014-cü il məzunları ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Baş Qərargah rəisi məzunlar qarşısında çıxışı zamanı prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Silahlı Qüvvələrdə aparılan islahatların mahiyyətini, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında qoyulan göstəriş və tapşırıqları bir daha şəxsi heyətin nəzərinə çatdırıb.

Zabitləri təbrik edən general-polkovnik N.Sadıkov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrlərini, tələblərini və tövsiyələrini şəxsi heyətə çatdırıb. Azərbaycan Ordusunun daha güclü, qüdrətli olması, düşmən üzərində qələbənin təmin edilməsi üçün əldə etdikləri biliklərinin təcrübədə tətbiq edilməsi məqsədilə xidmətlərində və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.