14/06/2018 18:03

“Baykar Makina” yeni taktik PUA yaradıb

Türkiyənin “Baykar Makina” şirkəti yeni taktik pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.

“AzeriDefence” Türkiyə mediasına istinadən xəbər verir ki, “Baykar Makina” şirkəti tərəfindən hazırlanan yeni PUA layihəsinin adı “Akıncı” adlanır.

40 min fut hündürlüyə (təxminən 12,192 metr) qalxma bacarığı olan PUA 24 saat havada qala bilir. Aparatın faydalı yük daşıma həcmi 1.350 kiloqrama qədərdir. PUA hər biri 900 at gücündə olan iki mühərriklə təchiz edilib. PUA həmçinin AESA radarna, peyk rabitə sisteminə sahib olacaq. Qeyd olunur ki, “Akıncı” döyüş təyyarələrinin icra etdiyi bəzi vəzifələri həyata keçirə biləcək.

“Akıncı” KGK (Qanadlı yönləndirmə dəsti), HGK (Həssas yönləndirmə dəsti), LGK (Lazer yönləndirmə dəsti) ilə təchiz olunan MK-81, MK-82 bombalarını daşıya biləcək. Bundan əlavə PUA Türkiyə istehsalı olan MAM-L, MAM-C, “Cirit”, “Gökdoğan”, “Bozdoğan”, SOM-A kimi raketləri ilə də təchiz ediləcək.

“Akıncı” PUA-nın ilk sınaq uçuşunun 2019-cu ildə həyata keçirilməsi planlaşdırılır. 2020-ci ildə isə PUA-nın xidmətə başlayacağı gözlənilir.