19/05/2017 22:41

Belarus modernizə edilmiş T-72BME tankını nümayişə çıxarır – TANKIN YENİLİKLƏRİ

Belarusun “Beltexeksport” şirkəti, “140 nömrəli zavod” və “Pelenq” ASC-nin birgə modernizə etdiyi T-72BME tankı MİLEX-2017 Beynəlxalq silah və hərbi texnika sərgisində təqdim olunacaq.

Bu barədə “AzeriDefence” Belarus Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Komitənin məlumatında qeyd olunur ki, T-72BME tankının texniki göstəriciləri T-90 tanklarının səviyyəsinə uyğunlaşdırılıb. Tank ən son yeniliklərə uyğun olaraq modernizə olunub.

Müasirləşdirmə zamanı tankda yeni termal nişangah, monolit və kombinələşdirilmiş əlavə dinamik zireh quraşdırılıb. Daha güclü müəhərrik hesabına hərəkət qabiliyyəti yüksəldilib. Görmə cihazlarının müdafiəsi təkmilləşdirilib, müdafiə və pusqu zamanı avtomatik olaraq xüsusi qurğuya qoşulmaqla yanacaq ehtiyatına qənaət edilməsi üçün yeni texnologiyalar tətbiq edilib.

Tankda aşağıdakı yeniliklər tətbiq edilib:

  • ESSA-72U kompleks idarə sistemi qurulub. Bura çoxkanallı termal nişangah, ballistik hesablayıcısı, televiziya indikatorları və tank komandirinin köməkçi nişangahı daxildir. Hansı ki kompleks günün istənilən vaxtı maksimal uzaqlıqda rəqibin obyektlərinin effektiv şəkildə məhv edilməsini təmin edir.
  • Tənzimçilər (küləyin, topun, atmosfer təzyiqinin tənzimçiləri) dəsti quraşdırılıb. Bu da döyüş zamanı atışa hazırlıq vaxtının minimum endirilməsində, bir yerdə və ya hərəkətdə olarkən dəqiq atış həyata keçirməyə imkan yaradır.
  • İdarə olunan mərmilər də daxil olmaqla, 125 mm çaplı sursatların bütün növlərindən atəş açılması təmin olunub.
  • Tankda “Kontakt-1” tipli dinamik müdafiə dəsti, 8 ədəd 902B “Tuça” tüstü qumbarası qurulub.
  • Tank 840 at gücündə yeni V-84MS mühərriki ilə təchiz olunub.
  • Tankda ultra qısa dalğalı BARRETT-2082+ yeni nəsil rəqəmli radiostansiya quraşdırılıb.
  • Sürücü mexanik bölməsi müasir infra-qırmızı kameraya sahib olub.
  • Tank hərəkətdə olmadıqda ehtiyac duyulan elektrik enerjisinin əldə edilməsi üçün avtonom rejimdə çalışan dizel generator sahibdir.