27/04/2014 05:58

Belarus Müdafiə Nazirliyinin nümayəndələri ANAMA-da olub

Belarus Müdafiə Nazirliyinin raket və artilleriya sursatları İdarəsinin rəisi, SALW Layihəsinin Milli Koordinatoru Vladimir Baranovun başçılığı altında işçi qrupu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Baş Qərargahında olub. Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.

Görüş zamanı ANAMA-nın direktoru Nazim İsmayılov Agentliyin yaranmasından, keçdiyi inkişaf dövründən, humanitar minatəmizləmə əməliyyatları ilə bərabər bu günə qədər xarici mütəxəssislər üçün təşkil olunmuş təlimlər, Mina Təhlükəsinə dair Maarifləndirmə proqramından, minadan zərər çəkənlər üçün yardım layihələr barədə məlumat verib. Görüş əsnasında həmçinin Agentliyin fəaliyyətini əks etdirən prezentasiyalar verilib.

Belarus nümayəndə heyəti Agentliyin müxtəlif şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub.

Görüşün məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmaqla yanaşı, hökumət ilə büdcə yükünün paylaşdırılma mexanizmi, dövlət strukturları eləcə də beynəlxalq və yerli təşkilatlarla münasibətin qurulması prinsipləri sahəsində Agentliyin təcrübəsini öyrənmək olub.