27/06/2018 14:51

Belarus “Polonez” YARS üzərində modernləşdirmə işləri aparır

Belarusun Dəqiq Elektromexanika Zavodu “Polonez” yaylım atəşli reaktiv sistemi üzərində modernləşdirmə işləri aparır.

Bu barədə “AzeriDefence”yə Belarus Dövlət Hərbi-Sənaye Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Dövlət Hərbi-Sənaye Komitəsi tərəfindən 2020-ci ilə qədər ilk növbədə daxili bazara tələb olunan silahların yaradılması həyata keçiriləcək. Layihənin icrası zamanı silah sistemlərinin döyüş imkanları və rəqabət qabiliyyətinin artırılması əhəmiyyətli dərəcədə yüksəldiləcək.

“Polonez” yaylım atəşli reaktiv sistemin ilk partiyası Belarus Ordusunun silahlanmasına daxil olub. Texniki taktiki xüsusiyyətlərinə görə “Polonez” operativ-taktiki raket kompleksi səviyyəsinə yüksəldilib. Perspektiv layihə üzrə raketlərin atış məsafəsini 500 kilometrədək artırmaq planlaşdırılır.

Hazırda zavod “Polonez” yaylım atəşli reaktiv sistemin 300 km atış uzaqlığına malik “Polonez-M” səviyyəsinə çatdırılması üzrə modernləşdirmə işlərini davam etdirir. Qomel rayonundakı poliqonda keçirilən sınaqlar zamanı 299 km məsafədə raketin dəqiq atışı olub. Layihə çərçivəsində kompleksin təkərli şassisi, əlaqə vasitələri və məlumatların ötürülmələri və proqram təminatı yenilənib. Buraxıcı qurğu MZKT 7930-3013 maşınına yerləşdirilib. Maşında şəxsi heyətin partlayış təsirlərindən müdafiəsi nəzərə alınıb.

Qeyd olunub ki, prezident Aleksandr Lukaşenkonun tapşırıqlarının icrası çərçivəsində YARS-ların yerli elementlərinin hazırlaması üzrə bir sıra işlər yerinə yetirilib. Bunlara işə salma konteyneri, idarə olunan reaktiv raket, həmçinin idarəetmə sistemləri daxildir. Reaktiv raketin idarəetmə sistemi NB1600 naviqasiya qurğusundan, avtopilotdan və sükan qurğularından ibarətdir. Naviqasiya qurğusunun sınaqları keçirilib və müvəfəqiyyətlə nəticələnib. Bir sıra texniki xarakteristikalar üzrə NB1600 naviqasiya qurğusu ən yaxşı dünya nümunələrinin səviyyəsindədir. Avtopilot idarəetmə sisteminin ikinci ən əhəmiyyətli elementidir. Avtopilotların bir neçə variantı müəssisənin mütəxəssisləri tərəfindən hazırlanıb.

2018-ci ilin aprelində yerli imkanlar hesabına hazırlanan iki reaktiv idarə olunan raketin sınaq atışları keçirilib. Dövlət proqramına uyğun olaraq hazırda müəssisənin mütəxəssisləri müxtəlif modifikasiyalı idarə olunan raketlər üçün döyüş başlığının hazırlanması üzrə eksperimental dizayn işləri yerinə yetirirlər.