21/01/2019 12:58

Belarus yeni RLS-i sınaqdan keçirib

Belarusun “KB Radar” şirkəti aşağı hündürlükdə uçan hədəfləri aşkarlamaq üçün nəzərdə tutulan “Rodnik” adlı radiolokasiya stansiyasının sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence”yə Belarus Dövlət Hərbi Sənaye Komitəsindən məlumat verilib. Bildirilib ki, “Rodnik” radiolokasiya stansiyasının sınaqları müvəffəqiyyətlə başa çatıb.

X diapazonda çalışan “Rodnik” RLS kiçik ölçülərə sahibdir. Sifarişçinin istəyinə uyğun olaraq təkərli şassi üzərində, unifikasiya edilmiş mobil hidromexaniki platforma və ya stasionar qüllədə qurula bilən radarda AESA texnologiyası və bir sıra yeniliklər tətbiq olunub. RLS aşağı hündürlükdə uçan, eləcə də yerüstü obyektlərin aşkarlanması, korrdinatarının təyini, azimut və uzaqlığın, sürətin hesablanması kimi funksiyaları yerinə yetirir.

“KB Radar” şirkətinin mütəxəssislərinin sözlərinə görə, öz taktik-texniki xarakteristikalarına görə, “Rodnik” dünyada ən yaxşılarından hesab oluna bilər. Təsir uzaqlığında öz sinifində bütün məlum stansiyaları üstələyir. Radar eyni zamanda 50-dən çox uçan hədəfi aşkarlamaq qabiliyyətinə sahibdir.

“Rodnik” RLS-in 300 metrdən 20000 metrədək uzaqlıqda, 0-80 dərəcə bucaq altında, sürəti 5 m/saniyədən 100 m/saniyəyədək olan multikopterləri də aşkarlamaq bacarığına malik olduğu bildirilir. Böyük hədəfləri isə 50000 metrədək uzaqlıqda və 12000 metrədək hündürlükdə aşkarlayır.