12/04/2019 14:17

Belarusdakı hərbi attaşelər “Tetraedr” şirkətində olublar

Belarusda akkreditə olunan 25 xarici dövlətin hərbi attaşeləri bu ölkənin hərbi sənaye kompleksinin aparıcı şirkətlərindən olan “Tetraedr” şirkətində olublar.

Bu barədə “AzeriDefence”yə “Tetraedr” şirkətindən məlumat verilib. Hərbi diplomatlar unikal TRS-2D radiolokasiya stansiyası ilə tanış olublar. Bundan başaqa hərbi attaşelər “Tetraedr” şirkətində S-125-2TM “Peçora-2TM” və T-38 “Stilet” zenit raket kompleksləri ilə maraqlanıblar.

Bildirilib ki, “Tetraedr” bir neçə ölkənin Müdafiə nazirliyi ilə uzun müddətdir işləyir. Birgə müəssisələrdə həmin ölkələrin “Peçora” və “Оса-АКМ” zenit-raket komplekslərinin dərin müasirləşdirməsi həyata keçirilib. Bu gün sözügedən ZRK-lər Azərbaycan, Vyetnam, Qazaxıstan və digər ölkələrin ordularının silahlanmasında yer alır.

Attaşelər şirkətin hərbi məhsul istehsalının səviyyəsini yüksək qiymətləndiriblər.  Azərbaycanın hərbi attaşesi polkovnik Elşən Rəhimov bildirib ki, Azərbaycan ordusunun müasirləşdirilməsində Belarusun hərbi sənayesinin töhfəsi böyükdür: “Belarus hərbi sənayesi yaxşı elmi-texniki potensiala malikdir. “Tetraedr” şirkətinin məhsulu ilə tanış olub, nəticə çıxartmaq olar ki, o dünya səviyyəsində rəqabətə davamlıdır. Belarus məhsulunun keyfiyyətini biz hiss edirik. Biz əməkdaşlıq etməyə çox şadıq. Mən düşünürəm ki,  gələcəkdə bu əməkdaşlıq davam edəcək”.