23/06/2018 02:15

Belarusun yeni robot maşını hərbi paradda nümayiş olunacaq

İyulun 3-də Belarus Respublikasının Müstəqilliyi Günündə Minsk şəhərində keçiriləcək hərbi paradda hərbi sənaye kompleksinin yenilikləri təqdim ediləcək.

Belarus Dövlət Hərbi-Sənaye Komitəsindən “AzeriDefence”yə verilən məlumata görə, yeniliklər arasında tırtıllı platforma üzərində yaradılan “Boqomol” adlı yeni robot maşını da yer alacaq.

“Boqomol” döyüş robotu ilk dəfə hərbi paradda tank əleyhinə idarə olunan raketlər və aviasiya vasitələrinə qarşı 7.62 mm-lik “Kentavr” pulemyotu ilə komplektləşdirilmiş iki versiyada təqdim ediləcək. Distans idarə olunan özüyeriyən döyüş robotu əsasən görüş dairəsindən kənarda kiçik ölçülü pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün hazırlanıb. Robot maşın dizel mühərrik və generator ilə təchiz edilib.

24 saat fasiləsiz xidmət apara biləcək yanacaq ehtiyatına malik döyüş robotunun gediş məsafəsi 100 km təşkil edir. “Boqomol” 800 kq çəkisindəki yükü daşımaq imkanına malikdir. Robot avtomatik olaraq passiv rejimdə hədəfi müəyyənləşdirməyi bacarır. Süni intellekt elementlərinin tədbiqi sayəsində robot maşın maskalanmış, az müşahidə olunan və ya gizli hədəfləri müəyyən edə bilir. Robot topladığı informasiyaları operatora göndərir və öz növbəsində qərar qəbul edir.

“Boqomol” döyüş robotunun yüksək partlayıcı döyüş başlığı ilə təchiz olunan raketi lazer axtarıcı sistemi sayəsində hədəfi müəyyən edə bilir. Döyüş maşını 4 km-ə qədər məsafədən bərkidilmiş yerüstü hədəfləri, tankları, zirehli avtomobilləri və helikopterləri məhv edir. Distans istifadədə robot maşın 10 km məsafədə idarə olunur.