25/11/2017 12:44

“Beretta” yeni tapança-pulemyot təqdim edib

“Beretta Defense Technologies” (BDT) şirkəti Fransanın paytaxtı Paris şəhərində keçirilən “Milipol -2017” beynəlxalq təhlükəsizlik sərgisində “Beretta 12” modelinin yeni versiyasını nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, “Beretta”nın model 12, həmçinin M12 və PM12 kimi məşhur tapança-pulemyotu 50-ci illərdə İtaliyada hazırlanıb və sonra dəfələrlə müasirləşirilib.

Şirkətdən bildirilib ki, bu 3 model 10 ölkədə güc strukturlarının silahlandırılmasına qəbul edilib. Bundan başqa, İndoneziyada, Braziliyada və Belçikada lisenziya əsasında istehsal edilir.

Yeni model PMX adını alıb və əvvəlki modifikasiyalardan əhəmiyyətli dərəcədə fərqlənir. PMX-in hazırlanmasında polimerlərin istifadəsi sayəsində çəkisi 2,4 kq təşkil edib. Halbuki son model 12 (PM12-S2) modifikasiyalarının çəkisi 3,5 kiloqramdır. PMX-ın daha bir əhəmiyyətli fərqi ondan ibarətdir ki, atış bağlı çaxmaqdan aparılır. Bundan əvvəlki versiyalarda açıq çaxmaq mexanizmindən istifadə olunub.

“Beretta PMX”nın baza versiyası 9×19 mm-lik 30 patron tutumuna malik daraqla dəstləşdirilir.

PMX tapança-pulemyotun uzunluğu 64 sm, qundaq yığıldıqda isə 42 sm, lüləsinin uzunluğu 17.5 sm təşkil edir. Atış tempi dəqiqədə 900 atəş olan yeni tapança-pulemyot avtomat və yarımavtomat atış rejimində işləyir.