29/05/2019 12:07

Beynəlxalq Hərbi Tibb Komitəsinin 43-cü Konqresi keçirilib

İsveçrənin Bazel şəhərində Beynəlxalq Hərbi Tibb Komitəsinin 43-cü Konqresi keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Beynəlxalq Hərbi Tibb Komitəsinin 43-cü Konqresində Azərbaycanı DSX hərbi hospitalının rəisi tibb xidməti polkovniki Kənan Yusif-zadə təmsil edib.

Konqresdə “Hərbi tibb və cərrahiyyə döyüş meydanında” bölməsində professor Kənan Yusif-zadə “Bir tibb müəssisəsinin idarə olunmasında hərbi və mülki təşkilatların optimal inteqrasiyası: Azərbaycan modeli” mövzusunda çıxış edib. Çıxışda DSX hərbi hospitalının nümunəsində Respublikada hərbi və mülki tibbi təşkilatların qarşılıqlı fəaliyyəti, hərbi və mülki tibbi doktrinanın resurslarından səmərəli istifadə edilməsi, tibbi xidmətlərin göstərilməsi və idarə edilməsi təcrübəsi haqqında geniş məlumat verilib.

Konqres çərçivəsində Fransa, Almaniya, İsveçrə, ABŞ və digər ölkələrdən olan tibb mütəxəssisləri ilə maraqlı fikir mübadiləsi aparılıb, İsveçrənin kimyəvi və bioloji müdafiə üzrə Federal İnstitutuna və İsveçrə Silahlı Qüvvələrinin əczaçılıq mərkəzinə tanışlıq səfərləri edilib.