14/05/2014 11:32

Bi-MAX zirehi Azərbaycanda testdən keçdi

İtaliyanın Bi-MAX firmasının xüsusi texnologiyalar əsasında istehsal edilmiş bədən zirehinin Azərbaycanda testləri keçirilib.
AZERİ DEFENCE jurnalının məlumatına görə, şirkət nümayəndələrinin iştirakı ilə keçirilən testlərdə bədən zirehləri yüksək performans və qoruma səviyyəsini sübuta yetirib. Testlər zamanı hər bir zireh lövhəsinə 2.5 metrdən başlayaraq 100 metr məsafəyədək uzaqlıqdan fərqli kalibrli silahlardan (“Makarov” markalı tapança, “Kalaşnikov” avtomatından 5.45 və 7.62 mm çaplı güllələrdən, SVD snayper tüfəngi və “Kalaşnikov” pulemyotundan) 25 və 28 atəş açılıb. Zirehlər bütün hallarda güllələri buraxmayıb və heç bir problem qeydə alınmayıb.

On ilə yaxındır xüsusi materiallardan bədən zirehlərinin istehsalını reallaşdıran Bi-MAX şirkəti 2007-ci ildə özünün xüsusi kompozit materialını patentləşdirib. Qeyd edək ki, zirehin testləri real atışlarla, elə bu zirehi hazırlayan şəxsin üzərində həyata keçirilib.
Şirkət rəsmilərinin sözlərinə görə, Bi-MAX bədən zirehləri xarici analoqlarından
– yüksək qoruması
– kinetik enerjini udması
– əsgərə minimum təsiri
– antitravma xüsusiyyəti ilə fərqlənir.
Bu yaxınlarda İraqa ixracat həyata keçirildiyini deyən Bi-MAX yetkililərinin sözlərinə görə, hazırda Pakistan, Liviya, Venesuela kimi ölkələrlə də alğı-satqı anlaşmaları mövcuddur. Zirehin hazırlanmasında nano texnologiyaların tətbiqi ilə alınmış xüsusi kompozit materialdan istifadə olunur. Bir lövhənin çəkisi 3.2 kq təşkil edir. Dəstə döyüşçünün qarın və kürəyini qoruyan lövhələr ilə yanaşı qolun alt hissəsində, ciyərləri güllədən qorumaq üçün kiçik lövhələr daxildir. Zireh ən yaxın məsafədən atılan güllələri saxlamaqla yanaşı, döyüşçünün güllənin kinetik enerjisinin təsirindən xəsarət almasını, yıxılmasını da önləyir.