03/12/2018 12:09

Birinci EDEX-2018 sərgisi işə başlayıb – FOTOLAR

Misirdə ilk dəfə keçirilən EDEX-2018 – Misir Beynəlxalq Müdafiə və Hərbi Sənaye Sərgisi öz işinə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, 3-5 dekabr tarixində Qahirədə keçirilən EDEX-2018 sərgisində 41 ölkədən müdafiə və təhlükəsizlik sistemlərinin istehsalı ilə məşğul olan 373 şirkət iştirak edir.

Sərgi Misir Prezidenti Əbdülfəttah əs-Sisinin hamiliyi ilə keçirilir. EDEX-2018 sərgisini 10 minə yaxın yüksəkrütbəli hərbçi, silah və texnika istehsalçıları, mütəxəssislər ziyarət edəcəklər. Sərgidə Azərbaycandan da ziyarətçi qismində nümayəndə heyəti iştirak edir.

Tədbir dünyada beynəlxalq hərbi və təhlükəsizlik sərgilərinin təşkili üzrə ixtisaslaşmış “Clarion International Defense and Security Company” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. “Clarion” müxtəlif sahələrdə 200-dən çox tədbir təşkil edib. Misirin hərbi istehsal naziri Məhəmməd əl-Əsrin sərginin hər iki ildə bir dəfə təşkil ediləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanı EDEX-2018-də sərginin media tərəfdaşı olan “Azeri Defence” jurnalı iştirakçı qismində təmsil edir.