18/10/2014 10:59

“Black Hornet”ə termal kamera əlavə olundu

Norveçin “Prox Dynamics” şirkəti PD-100 “Black Hornet” mikro pilotsuz uçuş aparatının (PUA) gecə-gündüz kəşfiyyat apara bilən versiyasını təqdim edib. “AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, ABŞ-da AUSA-2014 sərgisində nümayiş etdirilən PUA adi kamera ilə yanaşı gecə və pis hava şəraitində görüntünü təmin edən termal kamera ilə təchiz olunub.

“Black Hornet” PUA-nın çəkisi 18 qram, vintin diametri 120 millimetr təşkil edir. PUA saatda 18 kilometrə qədər sürət yığır və operatorundan 1500 metr məsafədə uzaqlaşa bilir. Aparat havada 25 dəqiqə qalır.

İstehsalçı şirkətin açıqladığı məlumata görə, mikro PUA səssiz işləyir. Kəşfiyyat və axtarış-xilasetmə işləri daxil olmaqla bir sıra missiya üçün istifadə oluna bilər.

“Black Hornet” 2011-ci ildən Əfqanıstanda Böyük Britaniya qüvvələri tərəfindən istifadə olunub. Cari ilin iyun ayında “Prox Dynamics” PUA-nın təkmilləşdirilmiş PD- 100 “Black Hornet PRS Block II” versiyasını təqdim edib. Block II baza versiyasından küləyin şiddətləndiyi anda belə sabit uçuş həyata keçirməsi və təkmil proqram təminatı ilə fərqlənir.