20/09/2013 06:38

“Borbalo-213” – Gürcüstan istehsalı olan iri çaplı snayper tüfəngi

Gürcüstan mühəndisləri tərəfindən hazırlanmış “Borbalo-213” adlı iri çaplı snayper tüfənginin bəzi görüntüləri ortaya çıxıb. “AzeriDefence”nin məlumatına görə, mühəndis A. Xitaraşvili tərəfindən 2003-cü ildə üzərində işlər başlanmış bu tüfəng bullpap dizayna malikdir və atış tək-tək mexaniki doldurma yolu ilə həyata keçirilir.

Uzun-sürüşən çaxmaqla təchiz edilmiş silahın qoruyucusu sağda, yuxarı hissədə, dəstəyin arxasında yerləşir. Tüfəngə müxtəlif optik nişangahların bərkidilməsi üçün lülə qutusunun üzərində Picatini relsi yerləşdirilib. Qundaq xüsusi ayaqlıq vasitəsi ilə möhkəmləndirilir.

Uzunluğu 1200 mm, lüləsinin uzunluğu 800 mm olan silahın lüləsi geri təpmənin azaldılması üçün ağız əyləci ilə təchiz olunub. silahın çəkisi 11,5 kq, atış uzaqlığı 1500 metrdir.

Hərbi forumlarda yayılan məlumata görə, hazırda bu tüfəngin 12,7×108 və , 12,7×99 çaplı patronlara uyğunlaşdırılmış modelləri mövcuddur. Bununla yanaşı gürcü mühəndisləri tərəfindən 14,5×114 mm və 20×102 mm çaplı versiyalarının üzərində işlər aparılır.