22/12/2017 14:47

Böyük kalibrli snayper tüfəngləri: Azərbaycanın İST-23-ü bazarda yer tuta biləcəkmi?

Ötən həftə Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşlarının peşə bayramı günü jurnalistlərə açıqlama verən nazir Yavər Camalov MSN-nin yeni layihələrindən biri olan 23 mm çaplı yeni snayper tüfənginin yaradılması üzərində işlərin aparıldığını bildirdi. Y.Camalov qeyd etdi ki, yeni tüfəng 3000 metrdən artıq mənzilə malik olacaq. Özünün atış məsafəsinə və məhvetmə qabiliyyətinə görə, bu silahın İST-14.5 “İstiqlal” snayper tüfəngindən bir çox üstünlüyə sahib olacağı gözlənilir.

“AzeriDefence”nin araşdırmalarına görə, hazırda dünyada 20 mm və bundan böyük kalibrdə cəmi bir neçə snayper tüfəngi mövcuddur. 20 mm kalibr artıq top hesab olunduğundan, bu cür iriçaplı snayper tüfənglərinə də hərbçilər zarafatla “əl haubitsası” deyirlər. Belə kalibrli tüfənglər dünya ordularında daşınma, istifadə imkanlarına görə, 12.7 və 14.5 mm tüfənglərlə müqayisədə elə də geniş yayılmayıb. Atış ömrünün az olması, atışlar zamanı tez-tez problemlər yaşanması halları bu kalibrli silahlarda tez-tez müşahidə olunan hallardandır.

MSN 23 mm çaplı İST-23 snayper tüfəngini “İstiqlal” iriçaplı snayer tüfəngi xəttinin davamı olaraq hazırlayır. Qeyd edək ki, bu xəttin ilk nümunəsi 2008-ci ildə təqdim olunan 14.5×114 mm çaplı “İstiqlal”dır. Bundan sonra nazirlik 12.7×108 mm çaplı İST-12.7 “Mübariz”i təqdim edib. Hazırda bu silahın üzərində təkmilləşdirmələrin aparıldığı bildirilir. 2016-cı ildə Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində “Mübariz” yeni dizaynda nümayiş etdirilib.

Prezident İlham Əliyev İST-23 snayper tüfəngi ilə tanış olarkən.

İST-23 snayper tüfəngi də əslində yeni deyil. Bu silahın eksperimental nümunəsi 2012-ci ilin dekabr ayında MSN-nin Təcrübə Sınaq Zavodunun açılışına qatılan prezident İlham Əliyevə təqdim olunub. 2013-cü ildə “Azeri Defence” jurnalına müsahibəsində nazir Yavər Camalov bu silah barədə ümumi məlumat vermişdi. Yeganə fotosundan göründüyü qədər bu tüfəng dizayn baxımından (sonradan dəyişiklik edilməyibsə) İST-14.5-ə bənzəyir. Silahın uzaq məsafədəki hədəfləri hədəfləri dəqiq vurması lülənin uzunluğu hesabına təmin edilir.

Nazirin yeni snayper tüfəngi barədə açıqlamasından sonra “üzə çıxmamış” bu silah barədə hərbçilərin və ekspertlərin bəzi maraqlı fikirlərini eşitməli olduq.

Hərbçilər hesab edirlər ki, mövcud iriçaplı snayper tüfənglərinin 14.5 mm-dən yuxarı olması onun nəqlini və istifadə imkanlarını məhdudlaşdırır. Yuxarıda qeyd etdiyimiz kimi, bu silahların atış ömrü az olur. Üstəlik təpmə qüvvəsinin kifayət qədər böyük olması onun dəqiqliyinin azalmasına təsir göstərir. Yəni, bu silah 3000-4000 metr məsafədə hədəfə atəş aça bilər. Lakin bu atəş dəqiq olmayacaq. Digər tərəfdən, təpmənin böyük olması onun üzərinə qurulan optik nişangahların da tez bir zamanda sıradan çıxması ilə nəticələnəcəkdir. Üstəlik atəş açanın yerini aşkarlamaq da asan olacaq. Dünya təcrübəsi də bunu deyir.

Digər sual isə iriçaplı snayper tüfənglərinin döyüş səhnəsindəki yeridir. Bu günədək 20 mm-dən yuxarı kalibrdə snayper tüfənglərinin döyüş səhnəsində yeri müəyyən olunmayıb. Məhz bu səbəbdən onların xarici bazarda satışı da məhduddur.

Silahın müsbət tərəfləri ilə bağlı səslənən fikirləri isə aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Yüngül və zireh mühafizəsi zəif olunan texnikalara qarşı mübarizə imkanı;
  • Rəqibin atəş mövqelərinin uzaq məsafədən susdurulması, bağlı mövqelərə zərər yetirilməsi;
  • Yerə enmiş və ya aşağı hündürlükdə uçan helikopterlərinin vurulması;
  • Psixoloji təsirə malik olması.

Dünya nümunələri

Bu gün dünya bazarında 12.7 mm (.50BMG) və yuxarı kalibrlərdə) iri çaplı snayper tüfənglərinin çox sayda nümunələrinə rast gəlmək mümkündür. 14.5 mm çaplı snayper tüfənglərinin sayı 12.7 mm-lik tüfənglərlə müqayisədə az, 20 və daha yuxarı kalibrli tüfənglərin sayı isə ondan daha az – obrazlı ifadə etsək barmaqla sayılacaq qədərdir. Bunlardan da diqqət çəkənləri aşağıdakılardır.

1990-cı illərin əvvəllərində Serb-Xorvat müharibəsinin gedişində meydana çıxmış RT-20 iriçaplı snayper tüfəngi Xorvatiyanın “RH-Alan” şirkəti tərəfindən sonrakı dövrlərdə təkmilləşdirilmiş və 2005-ci ildən xarici sərgilərdə ixrac məqsədi ilə nümayiş etdirilməyə başlanıb. Xorvatlar bu silaha “Rucni Top” (əl topu) deyirlər. İstehsalçı şirkətin nümyəndələrinin sözlərinə görə, “bu silah adam deyil, hərbi texnikaları vurmaq üçündür”. Snayper tüfəngi ötən əsrin ortalarında “Hispano Suiza” şirkəti tərəfindən zenit topları üçün yaradılmış 20×110 mm çaplı HS-404 patronlardan atəş açır. Bu patronların qəlpəli-fuqas, zirehdələn və zirehdələn-yandırıcı variantları var. Mərminin başlanğıc sürəti 850 metr/saniyədir.

RT-20 – Xorvatiya

Silahda geri təpməni minimallaşdırmaq üçün böyük ağız əyləci, amortizasiya texnologiyası və üst hissədə əl qumbaraatanlarında olduğu kimi reaktiv qaz ötürücü tətbiq edilib. “Alan” şirkətinin mütəxəssisləri iddia edirlər ki, bu tətbiq nəticəsində geritəpmə 12.7 mm-lik snayper tüfənglərindəkinə bərabərləşdirilib. Lakin reaktiv qaz ötürmə silahın arxası bağlı yerdən istifadəsində problem yaradır. Arxada yanlışlıqla dayanan əsgərlərin xəsarət alma ehtimalı meydana çıxır, eyni zamanda atıcının yerini tez ifşa edir.

Bullpap dizayna malik RT-20 snayper tüfənginin çəkisi boş halda 19.2 kq, uzunluğu 1330 mm, lüləsinin uzunıuğu 920 mm, atış uzaqlığı 2000 metr olaraq göstərilir. RT-20-dən atış yalnız yığılıb açılan dayaq üzərindən aparılır.

CAR-ın “Denel Land Systems” şirkəti tərəfindən Ikinci Dünya Müharibəsində istifadə olunan aviatopların əsasında hazırlanmış 20×82 mm maplı NTW-20 böyük kalibrli snayper tüfəngi bu gün dünyada öz sinfində ən geniş yayılan silahlardandır. 1990-cı illərdə yaradılmış tüfəngin əsas təyinatı orta və böyük uzaqlıqda rəqibin texniki və maddi vasitələri ilə mübarizədir. Adıçəkilən silah Hindistan və Azərbaycanın da istifadəsində yer alır. CAR Ordusu NTW-20 tüfənginin 1998-ci ildə silahlanmaya qəbul edib.

NTW-20 tüfənginin digər özəlliyini isə istehsalçılar onun modulyar dizaynı ilə əsaslandırırlar. Belə ki, istifadəçi silahın lüləsini, darağını və zərbə-tətik mexanizmini dəyişməklə onda 14,5×114 mm-lik patronlardan istifadə edə bilər.

NTW-20 – CAR

NTW-20 tüfənginin darağı 3 patron tutur. Tüfəng əllə işə salınan, ənənəvi sxem əsasında uzun sürüşən çaxmağa malikdir. Snayper tüfənginin uzunluğu 1795 mm, lüləsinin uzunluğu 1000 mm, boş halda çəkisi 31 kq, atış məsafəsi 1600 metr, 20×110 mm çaplı patronla 1800 metrdir. Tüfəngdə təpmənin minimallaşdırılması üçün iki mərhələli hidravlik amortizator tətbiq olunub. Təpmə təsirinin azadılması həmçinin silahın gövdəsinin alt hissəsindəki ikqat yayı hesabına təmin olunur. Digər təsir göstərən mexanizm isə səs dalğasını azaldan və qaz axınını yayan xüsusi ağız əyləcidir. Snayper tüfəngi iki nəfər tərəfindən daşınır. Hindistan NTW-20 tüfəngini lisenziya əsasında “Vidhwansak” adı ilə istehsal edir.

CAR-ın snayper tüfənglərinin istehsalı üzrə ixtisaslaşmış digər bir şirkəti – “Truvelo”nun SR 20×110 SR 20×82 snayper tüfəngləri məhdud sayda olsa da hazırda bir neçə ölkənin silahlanmasına daxildir. 20×110 mm “Hispano” patronundan istifadə edən, əllə tək-tək doldurulma (bolt-action) iş prinsipinə malik SR 20×110 modelinin uzunluğu 1990 mm, lüləsinin uzunluğu 1100 mm, boş halda çəkisi 25 kq-dır. Silahın effektiv atış məsafəsi 2000 metr, dəqiqliyi 500 metr üçün 2 MOA göstərilir. SR 20×82 modelinin uzunluğu 1820 mm, lüləsinin uzunıuğu 1000 mm, çəkisi 25 kq, effektiv atış məsafəsi 1500 metr, dəqiqlik isə digər modeldəki ilə eyni – 2MOA-dır. “Truvelo” şirkəti 2016-cı ildə bu snayper tüfənginin bazasında 20×42 mm-lik qumbaralarla atəş açan “snayper qumbaraatan” yaratdığını açıqlayıb. Sonuncu özünün qabarit və çəkisinə görə sələflərindən yığcam olması ilə fərqlənir.

Truvelo 20×82 – CAR

Böyük kalibrli snayper tüfənginin bir neçə nümunəsi də İranda yaradılıb. Onlardan “Araş” adı verilən 20 mm-lik snayper tüfənginin Suriyada istifadəsi ilə bağlı bəzi görüntülər bu il internet mediaya sızmışdı. İstehsalçıların “anti-helikopter snayper tüfəngi” kimi təqdim etdikləri “Araş” zirehli hədəflərə qarşı istifadə edilə bilər.

Çiyinə qoyulmaqla atəş açılan “Araş”ın çəkisinin 20 kq, atış məsafəsinin isə 2000-2200 metr aralığında olduğu bildirilir. Silahın uzunluğu 1800 mm-dir.

“Baher-23” – İran

Demək olar ki, dünyanın ən böyük kalibrli snayper tüfəngi “Baher-23” hazırda İran Ordusunun silahlanmasıdadır. İlk nümunəsi 2015-ci ildə təqdim olunan “Baher-23” əsasən aşağı hündürlükdə uçan hava hədəflərini, yüngül zirehli nəqliyyat vasitələrini və divarların arxasında gizlənmiş düşmən heyətini məğlub etmək üçün nəzərdə tutulub. Heyəti 3 nəfər olan silaın özünün çəkisi 24 kq-dır. Üçayaq və optik təchizat daxil olduqda silahın çəkisi 62 kiloqramadək artır.

Bolt action iş prinsipinə malik “Baher-23” snayper tüfəngi 23×115 mm çaplı mərmilərdən istifadə edir. İran telekanallarında açıqlanan məlumata görə, snayper tüfənginin atış məsafəsi 3000-3280 metr aralığında dəyişir.

Barret XM109 – ABŞ

Qumbaralarla atəş açması nəzərə alınmazsa dünyanın ən böyük kalibrli snayper tüfəngi adına Amerikanın “Barret Firearms” şirkətinin Barrett XM109 anti-material tüfəngi haqq edə bilər. Çəkisi 15.1 kq, uzunluğu 120 sm, lüləsinin uzunluğu 45 sm təşkil edən tüfəng 25×59 mm çaplı sursatlarla atəş açır.

Yarımavtomatik iş prinsipinə malik tüfəng 1994-cü ildə qoyulan bir tələbə uyğun olaraq hazırlanıb. Açıq qaynaqlarda yer alan məlumata görə, yüngül zirehli texnikaları 2 km məsafədə məhv edə bilir.

XM109 tüfənginin mövcud istehsal vəziyyəti barədə heç bir məlumat yoxdur.

Rusiyanın “KBP Tula” Konstruktor Bürosunun nəzdində 23 mm-lik yeni snayper tüfənginin yaradılması üzərində işlərin getdiyinə dair mətbuatda açıqlamalar yer almaqdadır. Bu silahın ən tez 2020-ci ildə seriyalı istehsalına başlana biləcəyi güman edilir.

“Araş” – İran

Göründüyü kimi, az sayda böyük kalibrli snayper tüfənginin mövcud olduğu bazarda Azərbaycanda yaradılan İST-23 iriçaplı snayper tüfənginin yer alması böyük əhəmiyyət kəsb edir.

Ümid edək ki, yaradılma zamanı bazardakı mövcud analoqlarının müsbət və çatışmayan tərəfləri öyrənilərək nəzərə alınan yeni silahımız özünün doğruldacaq və “Made in Azerbaijan” imzasını dünyada uğurla nümayiş etdirəcək.