09/10/2017 18:10

Britaniya hərbi dənizçiləri Azərbaycan HDQ-də təlim kursu keçir

Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasında təlim kursu başlayıb.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Böyük Britaniyanın Kral Hərbi Donanması tərəfindən təşkil olunan “Dəniz təhlükəsizliyinin planlaşdırılması kurs”unda təlimatçı qismində iştirak etmək məqsədilə britaniyalı hərbi dənizçilərdən ibarət heyət Azərbaycana gəlib.

Oktyabrın 9-da kursun açılış mərasimində HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri, xanım Kerol Meri Krofts iştirak ediblər.

Kurs oktyabrın 13-dək davam edəcək.