23/11/2017 10:09

Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 20 000 civarında partlamamış sursat götürülüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 22-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 97 ədəd partlamamış hərbi sursat (PHS), 192 ədəd partlamış-yanmış mərmi qalıqları və 468 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 197 000 kv.m (19.70 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 77 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyatlar zamanı 19 591 ədəd partlamamış hərbi sursat (PHS), 9 151 ədəd partlamış-yanmış sursat qalıqları və 69 838 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 631 785 kv.m (6 963 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.