29/12/2016 23:06

Bu il cəbhədə Ermənistana məxsus 10 PUA məhv edilib – ARAŞDIRMA

2016-cı il ərzində cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 10 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.

AzeriDefence”nin Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı araşdırmaya görə, bu PUA-ların 9-u Qarabağ cəbhəsində, 1-i isə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat apararkən məhv edilib.

Ümumilikdə aprel ayında Ermənistan Silahlı Qüvvələri 3, may ayında 1, avqust ayında 1, noyabr ayında 2, dekabr ayında 3 PUA itirib.

Azərbaycan Müdafiə Nazirliyi may ayının ikinci ongünlüyündə cəbhə xəttində daha bir X-55 tipli PUA-nın ermənilərin öz bölmələri tərəfindən vurulduğunu açıqlasa da xəbər qarşı tərəfin mənbələrində öz təsdiqini tapmayıb.

Zərərsizləşdirilən PUA-lardan 7-si multikopter tipli, 3-ü isə Rusiya istehsalı olan “Ptero-5E” (Ermənistan SQ-dəki adı X-55) tipli PUA olub. Bunlardan 7 PUA atəşlə məhv edilib, 3 PUA isə (iki multikopter və bir ədəd X-55) Azərbaycan Ordusu tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.

Qeyd edək ki, 2015-ci ildə də cəbhədə Ermənistan Silahlı Qüvvələrinə aid 10 PUA zərərsizləşdirilib. Bunlardan 7-si multikopter, 2-si Ermənistan istehsalı, erməni hərbi sənayesinin “stels texnologiya”, “radara görünməz” adlandırdığı “Krunk”, 1-i isə Rusiya istehsalı olan “Ptero-5E” PUA olub. Ötən il ermənilər cəbhə xəttində daha çox “DJİ İnspire-1” multikopterlərindən və yerli PUA “Krunk”dan istifadə ediblər.