11/04/2019 13:22

Bu il İDEF-2019 sərgisində hansı yeniliklər olacaq – ÖZƏL

Aprel ayının 30-dan may ayının 3-dək İstanbul şəhərində keçiriləcək İDEF-2019 beynəlxalq müdafiə sərgisi araşdırmalarımıza görə, bəzi maraqlı nüansları ilə yadda qalacaq.

“AzeriDefence”nin məlumatına görə, bu dəfəki sərgidə əvvəlki illərdə aktiv iştirak edən ABŞ müdafiə sənayesi yer almayacaq. Yalnız ABŞ-ın Türkiyədəki səfirliyinin Xarici Ticarət Xidməti stendlə təmsil olunur. Hansı ki, əvvəlki illərdə keçirilmiş İDEF sərgilərində ABŞ müdafiə sənayesini “Lockheed Martin”, “Raytheoon”, “Sierra Nevada Corporation”, ATK və digər böyük şirkətlər təmsil edib və bu şirkətlər sərgi ekspozisiyasının böyük hissəsini tutublar. 2017-ci ildə keçirilmiş İDEF sərgisində ABŞ müdafiə sənayesi iştirakını məhdudlaşdırmış və cəmi bir neçə şirkətlə təmsil olunmuşdu.

Sirr deyil ki, ABŞ və Türkiyə arasında siyasi, hərbi və iqtisadi münasibətlərdə yaşanan soyuqluq İDEF-ə qatılıma da təsir göstərib.

ABŞ-dan boşalan yerləri Almaniya, Fransa və Böyük Britaniya tutmağa başlayıb. Hiss olunur ki, Birləşmiş Ştatların Türkiyə ilə soyuqluğundan onun Avropada həm müttəfiqi, həm də rəqibləri olan adıçəkilən dövlətlər məharətlə istifadə etməyə çalışırlar.

Ötən sərgidə az sayda şirkətlə təmsil olunan Almaniya isə bu il milli qatılımı artırıb. İDEF-2019 sərgisinə Almaniyanın müdafiə sənayesində fəaliyyət göstərən 50 şirkət (ikisi beynəlxalq hərbi nəşr) qatılıb. Ötən sərgilərdə zəif təmsil olunan Fransa da aktivliyi artırıb və 42 fransız şirkəti öz imkanlarını nümayiş etdirəcək. Qeyd edək ki, son İDEF-dən keçən 2 illik dövr ərzində Türkiyə və Fransa müdafiə sənayesi arasında əməkdaşlığa dair bir neçə mühüm sənəd imzalanıb. Bunlardan ən mühümlərindən biri də SAMP-T hava hücumundan müdafiə sistemlərinin birgə istehsalına dair memorandumdur.

Böyük Britaniya da qatılımı artıraraq İDEF-2019 sərgisində 57 şirkətlə təmsil olunacaq.

Son bir neçə ildə Türkiyə və Ukrayna arasında hərbi sahədə yüksələn əməkdaşlıq dinamikası İDEF-də də özünü göstərəcək. Belə ki, bu ilki sərgidə Ukrayna müdafiə sənayesi 17 şirkətlə təmsil olunur. “AzeriDefence”nin əldə etdiyi məlumata görə, sərgi müddətində Türkiyə və Ukrayna arasında bir neçə sənədin imzalanması planlaşdırılır.

Türkdilli respublikalardan Azərbaycandan sonra sərgidə üçüncü dəfədir iştirak edən Qazaxıstan bu dəfə “Kazspetseksport” Səhmdar Cəmiyyəti və “Kazakhstan Engineering” Milli Şirkətinə daxil olan müəssisələrlə birgə təmsil olunacaq.

Son illər dünyanın bütün regionlarında təşkil olunan müdafiə sərgilərinə “hücum edən” Çinin müdafiə sənayesi Türkiyədə 58 şirkətlə özünü göstərəcək.

Bu ilki sərginin ən maraqlı yeniliklərindən biri də dünyanın məşhur atıcı silah istehsalçılarının İDEF-də təmsil olunmamasıdır. Bu da daha çox Türkiyədə atıcı silah sənayesinin inkişafı və türk şirkətlərinin beynəlxalq bazarda sürətlə irəlləməsi ilə bağlıdır. Artıq “FN Herstal”, “Hekler and Koch”, “Sig Sauer”, “Beretta” və s. kimi şirkətlər artıq Türkiyə bazarını öz perspektivlərində görmürlər.