18/12/2013 09:29

Bu il Müdafiə Sənayesi Nazirliyində 5 yeni istehsalat sahəsi yaradılıb

Bu il Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində açılmış 5 yeni istehsalat sahəsində Azərbaycan Silahlı Qüvvələri və güc strukturlarının tələbatı üzrə müdafiə təyinatlı məmulatların istehsalı həyata keçirilir. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Hazırda həmin istehsalat sahələrində 12,7, 14, 15, 23 və 30 millimetrlik döyüş sursatlarının seriyalı istehsalı həyata keçirilir.

Nazirin sözlərinə görə, digər istehsalat sahələrində bütün növ döyüş sursatlarının təhlükəsiz şəraitdə utilizasiyası, digərində 120 mm-lik minaların, aviasiya bombalarının müasir texnologiya əsasında partlayıcı maddələrlə doldurulması prosesi aparılır.

Y. Camalov qeyd edib ki, bundan əlavə, 5 növ kapsulun seriyalı istehsalına başlanıb.

“120 mm-lik minaatanların yaradılma mərhələsini başa çatdıraraq onların seriyalı istehsalına başladıq. Eləcə də 5, 45 mm-dən 14,5 mm-ə qədər döyüş sursatlarının mənfi 50, müsbət 50 dərəcəyədək temperaturda sınaqlarının keçirilməsi üçün sınaq mərkəzini yaratmışıq», – deyə nazir vurğulayıb.

Hazırda nazirliyin müəssisələrində idarə olunan raketlərin yaradılması istiqamətində elmi-texniki işlər davam etdirilir.