29/08/2018 21:14

“Buta Armor” Azərbaycanda istehsal ediləcək zirehli gödəkcə və dəbilqələrin təqdimatını keçirib – FOTOLAR

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Buta Armor” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək zirehli gödəkcələrin təqdimatı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, təqdimat mərasimində AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, AMEA-nın işlər idarəsinin müdiri Fətəli Abdullayev, Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, “Buta Armor” şirkətinin təsisçiləri, şirkətin layihə üzrə tərəfdaşı, dünyanın aparıcı zireh istehsalçılarından olan “Mars Armor” (Bolqarıstan) şirkətinin təsisçisi və direktoru Plamen Taşkov, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dmitri Bratanov, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, DİN Daxili Qoşunlarının, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, ANAMA və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən akademik Dilqəm Tağıyev AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) yaradılan şərait, rezidentlər tərəfindən həyata keçirilən layihələr barədə danışıb.

“Buta Armor” şirkətinin həmtəsisçisi, “EPC Group” şirkətinin prezidenti Reza Vəziri şirkətin Azərbaycan Ordusu və güc strukturlarını yüksək  qoruma səviyyəsinə malik zirehlə təchiz edəcəyini qeyd edib. O, bildirib ki, bununla da ölkədən xaricə valyuta çıxmayacaq. Bu zavod eyni zamanda ixracat potensialına malik olacaqdır.

Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov və Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dmitri Bratanov “Buta Armor” şirkətinə uğurlar arzulayıblar.

“Buta Armor” şirkətinin tərəfdaşı, Bolqarıstanın “Mars Armor” şirkətinin direktoru Plamen Taşkov isə rəhbərlik etdiyi şirkətin istehsal etdiyi məhsullar barədə məlumat verib. O, “Buta Armor” ilə birlikdə bu məhsulları Azərbaycanın güc strukturlarının təklifləri əsasında Bakıda istehsal olunacağını qeyd edib.

Tədbirdə müxtəlif təyinatlı zirehli gödəkcələr, zireh lövhələri, dəbilqələr, həmçinin polis və Daxili Qoşunlar üçün ROBOCOP dəstləri nümayiş etdirilib. Mütəxəssislərin sualları cavablandırılıb.