06/08/2019 16:17

Buta Armor Technologies şirkəti Hava Hücumundan Müdafiə simulyatoru hazırlayıb

Azərbaycanın “Buta Armor Technologies” şirkəti (BAT) yerli proqramçıların iştirakı ilə Hava Hücumundan Müdafiə Qoşunlarınları üçün 9F881 “S-Sfera” adlı interaktiv təlim simulyatoru hazırlayıb.

Bu barədə “Azeri Defence” jurnalına müsahibəsində şirkətin baş direktoru Ramin Əhmədov məlumat verib.

Simulyatorda HHM Qoşunlarının tam döyüş imitasiyasının təmin edildiyini deyən şirkət rəhbərinin sözlərinə görə, mövcud təlim-məşq qurğusu Azərbaycan Ordusunun istifadə elədiyi, xaricdən alınmış analoji məhsullardan vizualizasiyasına, effektlərinə, hava hədəflərinin klassifikasiyasına və digər texnoloji imkanlarına görə 2.5 dəfədən çox geniş imkanlara malikdir.

“Bizim təklif etdiyimiz simulyatorda müxtəlif növ təyyarələrə, helikopterlər, PUA-lara, raketlərə qədər hər növ hədəflərə atəş açmaq olar. Qiymətlərə gəlincə, xarici istehsalçının universal məşq qurğusunun birinin qiymətinə biz 6 kompleks veririk. Bundan başqa, 5000 işləmə saatı təklif edirik. Simulyatorun software və hardware hissəsinə verdiyimiz zəmanət 3 dəfə çoxdur. Bizim simulyatorumuzun əsas üstünlüyü isə onu hər bir hərbi hissənin ərazisinə uyğunlaşdıra bilməyimizdir. Burada hər bir əsgər, zabit öz hərbi hissəsinin birəbir bənzərinə uyğun şəkildə təlimlərini keçir”, – deyə R.Əhmədov vurğulayıb.

Qeyd edək ki, BAT və “Buta Armor” şirkətləri müdafiə sənayesinin fərqli sahələrində fəaliyyət göstərir. BAT müasir informasiya texnologiyalarının tətbiqi ilə innovativ layihələr üzərində işləyir.