28/04/2012 10:59

Cəbhədə daha 3 erməni hərbçisi öldürüldü

Cəbhə xəttinin şimal-qərbində, Ermənistan-Azərbaycan dövlət sərhədində 3 erməni hərbçisi öldürülüb. “AzeriDefence”nin məlumatına görə, hadisə aprelin 27- Tovuz rayonu ilə həmsərhəd, Ermənistanın Tavuş marzasının Ayqepar kəndi yaxınlığında baş verib. Ayqepar-Movses yolunda Ermənistan Ordusunun hərbçilərinin olduğu “VAZ – 2107” markalı maşın atəşə tutulub.

Hadisə nəticəsində maşındakı 1 hərbçi yerində, 1 hərbçi hospitala aparılarkən yolda, üçüncü hərbçi isə yaralı halda Berd hospitalına çatarkən ölüb.

Ermənistan Müdafiə Nazirliyi ölənlərin adlarını açıqlamasa da, hadisəni təsdiqləyib. Ermənistan KİV-lərinin yaydıqları məlumata görə, hadisə yerinə baxış zamanı maşına çox sayda güllə dəydiyi müəyyənləşdirilib.

“Reqnum” agentliyinin məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi cəbhədəki vəziyyətlə yerində tanış olmaq üçün ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə müraciət edib.

Qeyd edək ki, bunun aprel ayı ərzində Ermənistan Ordusunun cəbhənin şimal-qərbində 5 hərbçisi öldürülüb, 5 hərbçisi isə yaralanaraq xidmətə yararsız vəziyyətə salınıb. Bundan başqa, iki gün əvvəl Qarabağ cəbhəsində Ermənistan Ordusunun təxribat cəhdinin qarşısı alınıb və qarşı tərəfin 2 hərbçisi ağır yaralanıb.