21/04/2015 20:03

Cəbhədə döyüş oldu – ermənilər çox sayda itki verib

5 erməni hərbçisi öldürüldüAprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qısa müddətli döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə ağır zərbə endiriblər. Nəticədə düşmənin 5 hərbiçisi məhv edilib, 10 nəfərədək yaralısı var.

“Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaq”, – deyə nazirlik bəyan edib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Bu arada erməni sosial şəbəkələrində yer alan xəbərlərə görə, gecə ermənilərin iki yük maşını Seysulan istiqamətində minaya düşüb. Ermənilərin itkilərin bir qismi də məhz mina partlayışından olub.