19/03/2015 16:10

Cəbhədə ermənilərin təxribatının qarşısı alınıb, düşmənin 20—dək hərbçisi məhv edilib

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qoşunların təmas xəttində guya təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

“Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar”, – deyə Nazirlik bəyan edib.

Nazirlikdən bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir: “Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaqdır”.

Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcək.

Qeyd edək ki, ermənilər bu gün yaydıqları məəlumatda cəbhədə baş vermiş atışmada Ermənistan Ordusunun 4 hərbçisinin yaralandığını, Akop Xaçatryan, Eduard Ayrapetyan və Arşak Arutynyanın öldürüldüyünü təsdiqləyiblər.