13/08/2019 14:44

Cəbhə xəttində yeni tikilən hərbi hospitalın açılışı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Hərbi hospitalda sahəsi 7267 kvadratmetr olan ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub.

Bildirilib ki, Almaniya, ABŞ, Yaponiyada və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur.

Müdafiə naziri yeni istifadəyə verilən hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra tibbi personalla görüşüb, onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.