04/12/2019 15:24

Cəbhəboyu zonada yeni hərbi obyektlərin açılışı olub – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilən mühəndis təyinatlı hərbi obyektlərin açılışında iştirak ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən qərargah binası ilə də tanış olub.

Müdafiə nazirinə məruzə edilib ki, mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr nəzərə alınmaqla, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnika alınaraq qoşunların sərəncamına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati binalar müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

General-polkovnik Z.Həsənov mühəndis qoşunların komandanlığına bölmələrin döyüş qabiliyyətinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda nazirliyin rəhbərliyi şəxsi heyətlə birlikdə nahar edib.