21/02/2019 15:36

Cəbhədə Ermənistana məxsus taktiki PUA məhv edilib

ATƏT-in Minsk Qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Müdafiə Nazirliyininin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri X-55 taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd edək ki, “AzeriDefence”nin Azərbaycan Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı dəqiqləşdirmələrə görə, bundan əvvəl, son 3 ildə Ermənistan Ordusuna aid 31 PUA məhv edilib. Belə ki, Azərbaycan Ordusu tərəfindən 2018-ci ildə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 4 ədəd pilotsuz uçuş aparatı məhv edilib.  zərərsizləşdirilən PUA-lardan ikisi X-55 tipli taktik PUA, ikisi isə multikopter sinfinə aid PUA olub.

X-55 tipli PUA-lardan biri martın 3-də cəbhənin Ağdam istiqamətində, digəri isə iyunun 19-da cəbhənin Füzuli-Xocavənd istiqamətində məhv edilib. Multikopter tipli PUA-lardan biri fevralın 21-də cəbhənin Füzuli istiqamətində xüsusi vasitələrin tətbiqi nəticəsində ələ keçirilib. Digər PUA isə aprelin 17-də cəbhənin Tərtər istiqamətində aşkarlanaraq məhv edilib.

X-55 taktik PUA Rusiyanın “AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş “Ptero-5E” modelidir. Adıçəkilən PUA Ermənistan Ordusunun silahlanmasına 2013-cü ildə daxil edilib.

Qeyd edək ki, 2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 PUA-ı məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib. 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 22 (2015-ci ildə 12 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.