21/12/2016 20:49

Cəlil Xəlilov: “Kimi məsləhət biləcəklərsə, o da sədr olacaq”

Füzuli və Cəbrayıl istiqamətlərində xüsusi tapşırıqları yerinə yetirmişəm

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilovun “AzeriDefence”yə müsahibəsi

– Cəlil müəllim, neçə illərdir fəaliyyəti görünməyən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında son iki ildə hərəkətlik müşahidə olunur. Veteranların yenidən təşkilatlanması, təşkilatın fəaliyyətindəki dəyişikliklər barədə məlumat verməyinizi xahiş edirik.

– Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 1987-ci ildə yaradılıb. Gələn il təşkilatın 30 illik qeyd olunacaq. Təşkilatımızın ilk sədri general-mayor Mustafa Nəsirov olub. Yeri gəlmişkən deyim ki, bu yaxınlarda Təşkilatımız Mustafa Nəsirovun 95 illiyini qeyd edib. Təşkilat yarandığı ilk dövrlərdə böyük tədbirlər keçirməyə şərait yox idi. Nazirlər Kabinetinin binasında 3-4 balaca otaqnda yerləşirdi. Tədbirləri də başqa təşkilatların imkanlarından istifadə edərək keçirirdilər. 2014-cü ildə sədrimiz general-mayor Dadaş Rzayev tərəfindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ofis şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezident İlham Əliyevə müraciət olundu. Müraciətdə imkanlarımızın məhdud olduğunu, beynəlxalq əlaqələrimizin isə genişləndiyini, Azərbaycan ictimaiyyətinə Təşkilatın fəaliyyətinni göstərməyin mümkün olmadığını və s. bildirildi. Prezident İlham Əliyev təşkilata kömək olunması üçün göstəriş verdi. Bunun təzahürü olaraq Veteranlar Təşkilatının istifadəsinə müasir standartlara tam cavab verən inzibati bina verildi.

– Respublika üzrə təşkilatlanmanı necə aparırsınız?

– 87 rayonda rayon təşkilatlarımız var. Rayon təşkilatlarının fəaliyyəti əsasən 2014-cü ildən aktivləşməyə başlayıb. Həmin ərəfələrdə rayon təşkilatlarında seminar və təlimlər keçirildi. Nizamnamənin tələbləri və iş prinsipləri rayon təşkilatlarına öyrədildi. Bundan başqa onlara istiqamətverici planlar verildi. Bu gün müharibə şəraitində yaşayan respublikada gənclərimizlə, orta və ali məktəblilərlə hansı işlərin görülməli olduğunu, orduya hazırlığın necə aparılması, əsgər və zabitlərlə hansı səviyədə görüşlərin keçirilməsini, veteranların təcrübələrini onlarla bölüşməli olduğunu izah elədik. Bu gün orduda xidmət edən əsgər təkcə silala düşməni qorxuda bilməz. Bu müasir siah və texnikaları idarə edən hərbiçi yüksək pisxoloji duruma sahib olmalıdır. Düşünürəm ki, bu gün Böyük Vətən, Əfqanıstan və digər müharibələrdə döyüşən veteranlarımız öz təcrübələrini onlara lazımınca çatdırırlar.

– Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nə qədər üzvü var

– Təşkilatın 800 000-ə yaxın üzvü var. Sıralarımızda Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr veteranları, Çexiya, Polşa, Efiopiya və Əfqanıstanda döyüşən insanlar təmsil olunurlar. Ən çox üzvümüz isə əmək veteranıdır. Təşkilatın Rəyasət Heyəti bütün kateqoriyalardan olan veteranları əhatə edir.

– Son vaxtlar gündəmdə olan məsələlərdən biri Bakı Şəhəri Veteranlar Təşkilatının taleyinə son verilməsi oldu. Bu barədə gəzən söhbətlərlə düşünürük ki tanışsınız. Məsələyə aydınlıq gətirməyinizi xahiş edirik?

– Jurnalistlər araşdırmadan bəzi yazılar yazırlar. Bakı Şəhər Veteranlar Təşkilatı özü-özünü buraxıb. Qeyd etdiyim kimi, bu gün bütün rayonlarda yerli təşkilatlarımız var. Həmin təşkilatlarda günü gündən idarəetmə mexanizminin təkmilləşdirilməsi üçün addımlar atılır. Bakı Şəhər Veteranlar Təşkilatı ilə Respublika Veteranlar Təşkilatı arasında təbii ki eyni məsələylə bağlı fikir müxtəlifliyi olurdu. Bakı Şəhər Veteranlar Təşkilatı ikili tabelilik prinsipi əsasında fəaliyyət göstərirdi. Bu da işin şəmərəsini aşağı salırdı, hətta çaşqınlıq yaradırdı. Ona görə də üç il əvvəl Bakı Şəhər Veteranlar Təşkilatı iclas keçirib, öz qərarı ilə təşkilatın buraxıldığını elan elədi.

– Onların yerləşdiyi obyektin aqibəti necə oldu?

– Bakı Şəhər Veteranları Təşkilatının yerləşdiyi obyektin bütün ləvazimatları paytaxtın rayon təşkilatlarının maddi texniki bazasının gücləndirilməsi üçün istifadə edildi.

– Respublika Veteranlar Təşkilatına üzv seçimi hansı prinsiplər əsasında aparılır?

– Təşkilatımıza üzvlük üçün müraciət edənlər həddindən artıq çoxdu. Üzv olmaq istəyən veteran yaşadığı ərazidə yerləşən təşkilatımıza müraciət edir. Onlar da iclasda məsələyə baxıb, məqsədə uyğun hesab olunursa və onun sənədləri uyğun gəlirsə, veteran fəaliyyəti varsa, uzun müddət xidmət edibsə, hətta davranışına qədər nəzərə alınaraq üzvlüyə qəbul edilir.

– Bəzi Silahlı Qüvvələr, Qarabağ və Əfqanıstan müharibə veteranları var ki təşkilatınıza üzv ola bilmədiklərini, müraciətlərinə baxılmalarında süründürməçilik yaşandığını deyirlər.

– Bəzi veteranlar var ki, başqa veteran təşkilatına üzv olduğu halda bizim təşkilata da üzv olmaq üçün müraciət edir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nizamnaməsinə əsasən təşkilata üzv olan veteran başqa təşkilatda üzv ola bilməz. Ona görə də bu və digər məsələlərin araşdırılmasına vaxt gedir.

– Cəlil müəllim, bir neçə məsələ var ki, ona aydınlıq gətirmənizə ehtiyac var. Bu gün xəbər saytlarında və sosial şəbəkələrdə səsləndirilir ki, sizi Qarabağ bölgəsində xidmətdə görməyiblər, döyüşlərdə olmamısınız. Amma Qarabağ müharibəsi veteranı olduğunuzu söyləyirsiniz.

– Bu fikirlər yanlışdır. Kiminsə məni görməməsi əsas vermir ki, mən cəbhə bölgəsində olmamışam. Bu məsələ ilə bağlı bizim ölkə KİV-ində bir neçə açıqlamalar yayılıb. Mən Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibəsi veteranıyam. Qarabağda gedən döyüşlərdə keçmiş MTN Sərhəd Qoşunlarının tərkibində iştirak etməklə Füzuli və Cəbrayıl istiqamətlərində xüsusi tapşırıqları yerinə yetirmişəm. Bu tapşırıqların mahiyyəti barədə kimlərinsə iddiasına, yaxud istəyinə əsasən məlumat verilmir.

– Sizi həm də Dadaş Rzayev həyatdaykən Veteranlar Təşkilatına sədirlik uğrunda fəaliyyətə başlamaqda ittiham edirlər.

– Yalandır. Dadaş Rzayev müalicə alır. Həm də işə gəlib-gedir. Dadaş Rzayev Təşkilatın sədridir və olaraq qalacaq. Çünki onun burda xüsusi xidməti var. İkincisi, bu məsələni Təşkilatın Rəyasət Heyəti Plenum həll edir. İndi bu məsələ gündəlikdə deyl. Gələcəkdə kimi məsləhət biləcəklərsə, o da sədr olacaq. Faktdır ki, kənardan iddia edənlər də çoxdur. Lakin, veteran təşkilatında fəaliyyət təcrübəsindən, o sistemi, işi bilən, təşkilatçılığı bacaran olan, siyasi hazırlığı olan insan Təşkilatı idarə edə bilər.

– Cəlil Xəlilovun mətbuatda özünün piarını aparması, o cümlədən son vaxtlar müxtəlif qurumlarla keçirdiyi görüşlərin də buna hesablandığını da iddia edirlər.

– Mənim onlarla məşğul olmağa vaxtım yoxdur. Mən ancaq Veteranlar Təşkilatının fəaliyyəti və elmi işlərlə məşğul oluram. 2016-cı ilin yekunları ilə Təşkilatın Plenumu keçirilib. Plenumdakı hesabat KİV-ində dərc olunub, dövlət orqanları, aparıcı sayt və qazetlərdə Veteranlar Təşkilatının fəaliyyəti barədə məlumatlar gedib. Respublika Veteranlar Təşkilatının fəaliyyəti haqqında maraqlananlar həmin yazı və məlumatlarla tanış ola bilərlər. Həmin iddialara da orada cavab verilib. Xahiş edirəm anonim məlumatlara KİV-də, orada olan rəsmi mövqeyimizdən istinad eləsinlər.

– Son yazıların birində sizin Sərhəd Qoşunlarında keçirilən müşavirədə işdən azad edilməyiniz qeyd edilmişdi.

– Doğru deyil. Mən öz ərizəm ilə ehtiyata çıxmışam. Sonra, xidmətimi keçmiş Milli Təhlükəsislik Nazirliyində davam etdirmişəm. 2013-cü ildən də ehtiyatda olan zabitəm.

– Cəlil müəllim, son olaraq olaraq bir sual verirəm və səmimi olaraq cavab almaq istəyirəm, Veteran Təşkilatının sədirliyinə namizədliyinizi verəcəksiniz?

– Təşkilatın nizamnaməsindən xəbəri olanlar bilirlər ki, sədr seçilməsi üçün kimsə öz namizədliyini vermir. Təşkilatın sədrliyinə namizədləri Təşkilatın Rəyasət Heyəti, yaxud Plenum müəyyən edir. Rəyasət Heyəti yaxud Plenum kimi məsləhət görəcəksə, onun da namizədliyi sədr seçilməsi üçün müzakirəyə çıxarılacaq. Mənim belə bir istəyim yoxdur. Digər tərəfdən, hazırda təşkilatın sədri, hörmətli general-mayor Dadaş Rzayev öz postundadır və hansısa seçki məsələsi gündəlikdə durmur.